Azərbaycanda əcnəbilərin elektron vizanın sürətləndirilmiş qaydada alınması üzrə müraciətinə 3 saat ərzində baxılacaq.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə imzaladığı fərmanda qeyd olunub.

loading...

Qərarda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN Viza” sisteminin idarə edilməsi, inkişafı və təkmilləşdirilməsinin özünümaliyyələşdirmə mexanizmi çərçivəsində həyata keçirilməsi məqsədi ilə həmin sistemin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında fəaliyyətini, həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasına səfər etmək üçün elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət etdikdə belə müraciətlərə “ASAN Viza” sistemi vasitəsilə 3 saat ərzində baxılmasını təmin etsin.

Fərmanda qeyd olunur ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrə getməsi üçün zəruri vizaların “ASAN Viza” sistemi vasitəsilə alınmasını təmin etmək üçün təkliflərini versin.

İstinad: marja.az