“Aleksandr Düma Qafqazda», «Azərbaycanda şərab yolu», «Azərbaycanda alman izləri», «Azərbaycanda polyak izləri» və Naxçıvanda “Nuhun gəmisi” marşrutları yenidən tədqiq ediləcək
Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni-tarixi görməli yerləri üzrə gündəlik-həftəlik avtomobil və piyada marşrutları tərtib ediləcək.

Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb.

Strateji Yol Xəritəsində qeyd edilib ki, keçmişdə Qafqaz bölgəsindən keçərək Avropa ilə Asiyanı birləşdirən qədim ticarət marşrutu şəbəkəsi olan məşhur Böyük İpək Yolunun oxşarı olaraq ölkənin əsas turizm məkanlarından keçəcək yeni “Böyük İpək Yolu” adlı mədəni turizm marşrutu turistlərin tələbinə uyğun yenidən layihələşdiriləcək və inkişaf etdiriləcək. Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyi digər aidiyyəti tərəflərlə (məsələn, rayonlardan olan bələdiyyələr və sahibkarlar) birlikdə işə başlayacaq. “Böyük İpək Yolu” mədəni turizm marşrutu, eləcə də müxtəlif maraq seqmentlərinə aid olan turistlər üçün ölkənin cəlbediciliyini daha da artırmaq məqsədilə “Aleksandr Düma Qafqazda», «Azərbaycanda şərab yolu», «Azərbaycanda alman izləri», «Azərbaycanda polyak izləri», “Babaların tarixi zəfər və şəhadət yolu” və Naxçıvanda “Nuhun gəmisi” kimi mədəni turizm marşrutları beynəlxalq tələblərə uyğun olaraq yenidən tədqiq ediləcək, bu marşrutların pasportlaşdırılması həyata keçiriləcək və marşrutlar boyu müvafiq turizm göstəriş nişanlarının yerləşdirilməsi, həmçinin Azərbaycan, ingilis, ərəb və rus dillərində xəritələrin işlənib hazırlanması təmin ediləcək. Azərbaycanın şimal, şimal-qərb və qərb dəhlizləri boyunca bütün mədəni, tarixi görməli yerləri, milli parkları müəyyən ediləcək, gündəlik-həftəlik (bir gündən beş-yeddi günədək) avtomobil və piyada marşrutlarının proqramları hazırlanacaqdır. Bu məlumatlar pasportlaşdırılmış mədəni marşrutları təşviq etmək üçün onlayn platformalar vasitəsilə ictimailəşdiriləcək, müxtəlif yerləşdirmə vasitələrini (Azərbaycana Səyahət internet səhifəsi vasitəsilə) və turizm əyləncə (nümayiş) obyektlərini də özündə əks etdirəcək.

Mədəni turizm marşrutlarının yaradılması və inkişafının 2020-ci ildə birbaşa 10 milyon manat və dolayı 10 milyon manat olmaqla, ümumilikdə real ÜDM-in 20 milyon manat artımına, eləcə də 2020-ci ildə ümumilikdə 3700 olmaqla, bilavasitə turizm sektorunda 2700 yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır. Əsas icra göstəricisi qeyd edilən mədəni marşrutlar boyunca ümumilikdə 24 ədəd turizm nümayiş obyektinin, əlavə xidmət üçün turist dayanacaqlarının (“destination stop») yaradılması və burada “7 gecəlik”, “5 gecəlik”, “3 gecəlik”, “1 gecəlik” və “gündəlik” paketlərin satışının təklif olunmasıdır. Bu tədbir nəticəsindəqeyd olunan marşrutlar üzrə yerləşəcək 24 ədəd turizm nümayiş obyektinə 180 min turistin cəlb olunması gözlənilir. Bu mədəni marşrutlar boyunca yerləşdirmə vasitələrinin orta qiymətinin, bu mədəni marşrutlardan istifadə zamanı gündəlik xərclərin Bakı şəhərində turizm xərcləri ilə müqayisədə 30 faizədək aşağı olması gözlənilir. Bu prioritet çərçivəsində yerləşdirmə vasitələrinin, eləcə də mədəni turizmin və ekoturizmin inkişafı, həmçinin marşrutlar üzərində təbliğat qurğuları və turist dayanacaqlarının yenidən qurulması üçün birdəfəlik 95 milyon manat investisiya qoyuluşu tələb olunur.

İstiad : APA saytı

loading...