Baham Adaları Birliyi (ing. Commonwealth of the Bahamas), Bahamalar (ing. Bahamas) — eyni adlı adalarda yerləşən dövlət. Sahəsi – 13,9 min km², əhalisi – 0,4 mln. nəfər (2005-ci il), paytaxtı – Nassau. Baham adaları Florida yarımadasından cənub-şərqdə geniş Baham arxipelağında yerləşir.Arxipelaq 650-dən artıq xırda adalardan ibarətdir.

Baham adaları adının haradan gəldiyi dəqiq məlum deyil. Adanın adının ispan dilindəki baja mar (cənub dənizi) və ya bu adanın aborigen sakinləri olan Lukayan xalqının dilindəki ba-ha-ma (geniş yüksək ərazi) sözündən yaranması ehtimalı mövcuddur.

Baham adaları əsasən mərcan tipli əhəngdaşlarından ibarətdir. Baham — 700 adadan (onlardan 30-u məskunlaşıb) və 2000 mərcan töküntüdən ibarət olan arxipelaqdır. Düzənlik səthə malik olan adalarda karst relyef formaları geniş yayılmışdır. Ölkə 1973-cü ilin iyulun 10-dan müstəqil dövlətdir. Əksər adaların sahillərində narın qumlu, gözəl çimərliklər uzanır. İqlimi tropik rütubətli olub, may ayından oktyabr ayına kimi yağıntılı dövrüdür. Yanvarın orta temperaturu 20-23 °C, iyul 28 °C-dir. İyul ayından oktyabra kimi adalarda tez-tez güclü qasırğalar olur, yağıntının miqdarı 1100–1700 mm-dir. Çaylardan məhrum olan adalarda çoxlu duzlu-şor göllər vardır. Yağıntıların karst burulğanlarından keçərək yaratdığı yeraltı sular ada sakinləri üçün şirin su mənbəyidir.

Adaların bitki örtüyü nisbətən kasıbdır. Savannalar, həmişə yaşıl tikanlı kolluqlar, xeyli sahədə şam meşələri mövcuddur. Böyük adalarda — Androsda və Böyük Abakoda həmişəyaşıl meşələr qalmaqdadır.

Paylaşmaq
Əvvəlki məqaləTailand
Sonrakı məqaləHavay adaları