Bakı — Azərbaycan Respublikasının paytaxtı; Qafqaz şəhərləri arasında ən böyük ticarət, mədəniyyət və elm mərkəzi; Xəzər dənizində ən böyük liman.

Şəhərin ərazi dairəsinin sahəsi – 2 130 km²-dir . Bakı Abşeron yarımadasının cənub sahilində yerləşir. Şəhər öz qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən iri şəhərlərindən biridir.

1918-ci ildən respublika tabeli şəhərdir. Şəhər 12 inzibati rayona və 48 kənd, qəsəbəyə bölünüb. Şirvanşahlar saray kompleksi, İçəri şəhər və Qız qalası 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdirlər. 2015-ci ilin yanvarında isə Bakı şəhəri ABŞ-ın «New-York Times» qəzetinin dünyanın ən gəzməli şəhərləri siyahısında 51-ci yeri tutmuşdur.

Bakı Azərbaycanın elmi, mədəni və sənayə mərkəzidir. Azərbaycanın bir çox iri şirkətlərinin Bakıda baş ofisləri var. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin başlanğıc nöqtəsi Bakıda yerləşir.

Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 kilometr, ekvatora qədər olan məsafə isə 4440 kilometrdir.

Bakı mətbəxi rəngarəng və çeşidli xörəklərlə fərqlənir. Onlar arasında qutab, düşbərə, xingal, gürzə, xəmiraşı daha məşhurdurlar. Bakılıların şah yeməyi qoyun əti və şabalıdla qurudulmuş alçanın qarışığından aş, bişirilmiş toyuqla, qayğanaq və limon suyu qarışığından çığırtmalı aş, və s. müxtəlif növ aş nümunələri sayılır. Həmçinin qoyun əti, toyuq, balıqdan hazırlanmış kabablar da məşhurdurlar.

Bakı mətbəxinin şirniyyatı da çeşidlidir. Bura paxlava, şəkərbura, qoğal, şərbətlər və s. aiddir. Adətən bu nemətlərin hazırlanması yazın gəlməsi ilə qeyd olunan Novruz bayramı ilə üst-üstə düşür.

Bütün Azərbaycanlılar kimi, Bakılılar da ləziz nemətləri sevirlər. Qida qəbulu isə özlüyündə böyük bir ritualdır ki, bütün qayda-qanunla icra olunur.

loading...