loading...

Çikaqo (ing. Chicago) — Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri, İllinoys ştatında yerləşir.

Çikaqo nəhəng meqapolis olmaqla Şimali Amerikanın ən böyük maliyyə və nəqliyyat mərkəzidir. O, Miçiqan gölünün cənub-qərb sahili boyunca uzanaraq şəhəryanı qəsəbələrlə birgə “Böyük Çikaqo” adlanan aqlomerasiya yaradır. Onun ərazisində 9,6 milyondan çox, şəhərin özündə isə 3 milyona yaxın insan yaşayır. Bu, Nyu-York və Los-Ancelesdən sonra əhalisinə görə ABŞ-da üçüncü şəhərdir.

Şəhərin əlverişli coğrafi mövqeyi sərnişin və yük daşımalarının inkişafına şərait yaratmışdır. Miçiqan gölündəki dənizlə Sankt-Lorens kanalı ilə birləşən yerli Harbor çay limanı ABŞ-da ən iri limandır. Sərnişin axınına görə O`Hara hava limanı ölkədə liderdir. O, saatda orta hesabla 200 təyyarə göndərir və qəbul edir.

Bir neçə onilliklər bundan öncə Çikaqo iqtisadiyyatının aparıcı sahəsi ət sənayesi idi. Bu gün o, öz yerini ağır sənayeyə – qara metallurgiya, kimya və maşınqayırma sahələrinə verərək artıq ikinci yerdədir. Şəhərin “The Loop” adlanan işgüzar mərkəzində ABŞ-ın şimalında ən iri banklar, korporasiya və trest idarələrinin binaları cəmləşir. Burada həmçinin hər il milyonlarla turistləri cəlb edən butiklər, restoranlar, bahalı otellər, ən məşhur sərgi zalları yerləşir.