Finlandiya — Avropanın şimalında Baltik dənizi sahilində dövlət. Rəsmi adı Finlandiya Respublikasıdır (fincə: Suomen Tasavalta, İsveç dilində: Republiken Finland). Rusiya, Norveç və İsveç ilə həmsərhəddir. Sahəsi 338 min km22, əhalisi 5.3 mln nəfərdir. Paytaxtı Helsinki şəhəridir. Finlandiya inzibati cəhətdən 12 lyaniyaya bölünür.

Finlandiyada iki rəsmi dövlət dili mövcuddur, fin və isveç dilləri. XIII əsrin ortalarından XIX əsrin əvvəllərinədək Finlandiya İsveçin əsarəti altında olmuşdur və bu dövr ərzində Finlandiyanın dövlət və ədəbi dili isveç dili olmuşdur. Fin dili isə yalnız məişət səviyyəsində istifadə olunurdu. Yalnız 1865-ci ildə fin dili rəsmi dilə çevrilmişdir. Fin dilinin iki böyük dialekti mövcuddur: şərq və qərb dialektləri. Ölkədə yaşayan saamların böyük hissəsi öz ana dilində danışırlar. Hətta saam dilində məktəblər də fəaliyyət göstərir.

Finlandiyada yay qısa və mülayim keçir. İyul ayının orta temperaturu cənubda 17°, şimalda 11°-dir. Buludlu günlərin miqdarı il ərzində 65-70%-dir. Payız və yay ayları daha çox buludlu keçir. Ərazidə yağıntıların miqdarı da temperatura müvafiq olaraq dəyişir. Cənub və qərb sahillərdə yağıntının illik miqdarı 750 mm olduğu halda, şimalda 400 mm-dir. Finlandiya ərazisinə düşən yağıntının miqdarı buxarlanmadan çox olduğu üçün, ərazidə bataqlıqlar yayılmışdır. Cənub və cənub-qərb sahillərdə ərazinin 45%-i, şimalda isə 15-20%-i bataqlıqlarla örtülüdür.