loading...

Dekabrın 23-24-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi “Sinam” MMC tərəfindən Qax rayonunda yerləşən “İlisu Snow Tubing Park” qış-yay turizm kompleksinin açılışı münasibətilə infotur təşkil olundu. Azərbaycanda fəaliyyət göstərən bir qrup turizm şirkəti və KİV nümayəndələrinin iştirakı ilə baş tutan səfərin birinci günü iştirakçılar Qax rayonunun turizm potensialı ilə tanış oldular. Rayonda yerləşən turizm obyektləri və hotellərlə tanışlıq zamanı yerləşdirmə yerlərinin sayı, turistlərə göstərilən xidmət növləri haqqında geniş məlumat verildi. Bildirildi ki, yay turizm mövsümündə Qax rayonu çoxsaylı turistlər qəbul etsə də, qış turizmi isə o qədər də inkişaf etməyib. İnfoturun keçirilməsində də məqsəd Qaxın ölkəmizdə yeni bir qış turizmi məkanı kimi tanıtmaq olduğu vurğulandı.

İnfoturun ikinci günü isə iştirakçılar “İlisu Snow Tubing Park” qış-yay turizm kompleksinin fəaliyyəti ilə yaxından tanış olaraq, burada təklif edilən xidmət növləri, onların qiymətləri barədə ətraflı məlumat aladılar.

“Snow Tubing” qış aylarında əyləncə, adrenalin sevənlər üçün ən ideal idman-əyləncə növüdür. “Snow Tubing”lərdən ilk dəfə 1820-ci ildə Alp dağlarında istifadə olunub. Daha sonralar “Snow Tubing” ildən-ilə Amerikada məşhurlaşsa da Azərbaycanda ilk dəfə olaraq kompleks halında 2016-cı ilin dekabr ayından əhalinin istifadəsinə verildi.

Qax rayonunun füsunkar təbiəti turistləri ilin bütün fəsillərində məftun edir. Rayonda “İlisu Snow Tubing” Turizm Kompleksinin istifadəyə verilməsi isə Qax rayonunda yay turizmi ilə yanaşı, qış turizminin də inkişafına kömək olacaq.