Kanada (ing. və fr. Canada) – Şimali Amerika qitəsində dövlət. Atlantik, Sakit və Şimal Buzlu okeanların sahilində yerləşir, Amerika Birləşmiş Ştatları ilə, şimali-qərbdə Qrenlandiya ilə həmsərhəddir. Ərazisinə görə (Rusiyadan sonra) dünyanın ikinci ən böyük ölkəsidir. Paytaxtı Ottava şəhəridir.

Kanadanın avropalılar tərəfindən işğalınadək burada eskimoslar və hindular yaşayırdı. 1605-ci ildə fransızlar, 1623-cü ildə isə ingilislər Kanada ərazisində ilk yaşayış məntəqələrinin əsasını qoydular. 18-ci əsrin ortalarında (1756-1763) Fransa və Böyük Britaniya arasında yeddi illik müharibədə britaniyalıların qələbəsi nəticəsində Kanada Britaniyanın müstəmləkəsinə çevrilmiş və yalnız 1931-ci ildə müstəqillik əldə etmişdir.

Kanada ərazisinin ölçüsünə görə Rusiyadan sonra dünyada ikinci yeri tutur. Ölkənin ərazisi bir çox təbii zonalarla ( Arktika buzlaqları ndan tutmuş çöllərə qədər) təmsil olunur. Relyefində düzənliklər üstünlük təşkil edir. Qərbində uzanan Kordilyer dağ sistemi insanların təsərrüfat fəaliyyətini çətinləşdirir. Lakin Kanadanın ABŞ-la sərhəd olması, tarixən ölkədə işgüzar insanların məskunlaşması və üç okean sularının onu əhatə etməsi ölkənin sürətlə inkişaf etməsinə səbəb olmuşdur.