Lerik rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Lerik şəhəridir.

Lerik rayonu 1930-cu il avqustun 8-də təşkil olunmuşdur. 1938-ci ilədək Zuvand rayonu adlandırılmışdır

Lerikin bitki örtüyü əsasən kollu və seyrək meşəli çəmənlərdən və dağ meşələrindən ibarətdir. Meşələrdə palıd, vələs, fıstıq, qoz, dəmirağacı, azalt (nil) çoxluq təşkil edir.

Meşələrdə və Lerik çayının sahillərində tülkü, çaqqal, canavar, ayı, qaban, ördək, dovşan, meşə pişiyi, süleysin, kəklik, torağayı, bildirçin və s. heyvanlara, meşələrin əlçatmaz yerlərində, dağlarda bəbirə rast gəlmək olar.

Rayonun Zuvand ərazisində Zuvand dövlət yasaqlığı (qoruq) vardır. Burada fəaliyyət göstərən Milli Elmlər Akademiyasının «Nəbatət elmi-tədqiqat mərkəzi» ərazinin fauna və florasını öyrənir. Ərazidə 40,3 min hektar meşə örtüyü vardır.

Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmişdir. «Relax», «Təbəssüm», «Meşəbəyi», «Ağgöl», «Paradis» və digər turizm obyektləri bu cür mərkəzlərdəndir. Burada kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən «Relax» turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır.

Lerik həmişə uzunömürlülər diyarı kimi məşhur olmuşdur. Bu rayonun sakini olmuş Şirəli Müslümov uzunömürlülük üzrə dünya rekordu müəyyən etmişdir. O, 163 il (1812-1975) ömür sürmüşdür. Onun digər həmyerlisi Məcid Aĝayev 138 il (1835-1973) və Mahmud Eyvazov isə 150 il (1808-1958) yaşamışdır. Hazırda bu rayonda yaşı 100-ü keçmiş, lakin hələ də əmək qabiliyyətini saxlamış onlarca insan yaşayır. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, «buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş midyalılardır».

loading...